Milli təhlükəsizliyin şifrələri: Hərbi qüdrət, iqtisadi sabitlik və müstəqil xarici siyasət - ŞƏRH
Bakı, 23 oktyabr, AZƏRTAC
Müasir dövrdə milli təhlükəsizlik yalnız sərhədlərin hərbi vasitələrlə qorunması ilə məhdudlaşmır. Kiberhücumlar, dezinformasiya kampaniyaları, iqtisadi asılılıq, enerji təchizatı ilə bağlı risklər və cəmiyyətdə parçalanma yaratmağa yönələn cəhdlər dövlətlərin təhlükəsizliyi üçün yeni çağırışlar meydana çıxarır. Buna görə də hərbi qüdrət, iqtisadi müstəqillik, informasiya təhlükəsizliyi, təhsilli cəmiyyət və müstəqil xarici siyasət vahid strategiyanın tərkib hissələri kimi nəzərdən keçirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Nəzrin Əlizadə bildirib.
Ekspert qeyd edib ki, hərbi güc dövlət suverenliyinin qorunmasında və mümkün təhdidlərin qarşısının alınmasında əsas vasitələrdən biridir. Müasir müharibələr pilotsuz uçuş aparatlarının, dəqiq zərbə sistemlərinin və şəbəkəəsaslı əməliyyat imkanlarının əhəmiyyətini artırıb. Güclü ordu yalnız müasir silahlarla formalaşmır. Peşəkar hərbi kadrlar, kəşfiyyat və təhlil imkanları, çevik qərarvermə, etibarlı logistika və yerli müdafiə sənayesinin inkişafı da müdafiə qabiliyyətinin mühüm şərtləridir. Buna görə hərbi modernləşmə elm, texnologiya və insan kapitalının inkişafı ilə paralel aparılmalıdır. Güclü müdafiə potensialı həm də mümkün təcavüzün qarşısını alan çəkindirmə vasitəsi kimi çıxış edir. Müasir təhlükəsizlik mübarizəsinin digər mühüm istiqaməti informasiya və kiberməkandır. Dövlət qurumlarının rəqəmsal sistemlərinə hücumlar, enerji, bankçılıq, nəqliyyat və rabitə infrastrukturunun hədəfə alınması ciddi nəticələr doğura bilər. Dezinformasiya kampaniyaları isə ictimai rəyə təsir göstərərək cəmiyyətdə inamsızlıq və fikir ayrılıqlarını dərinləşdirə bilər. Buna görə kritik infrastrukturun kibermüdafiəsi, kiberhadisələrin erkən aşkarlanması və onlara operativ müdaxilə imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. İnformasiya təhlükəsizliyi yalnız texniki tədbirlərlə təmin edilə bilməz. Vətəndaşların media savadlılığının və tənqidi düşüncə bacarıqlarının artırılması da xarici manipulyasiyalara qarşı dayanıqlılığı gücləndirir. Dezinformasiyaya qarşı mübarizədə etibarlı məlumatların vaxtında və şəffaf şəkildə yayılması, müstəqil ekspert qiymətləndirmələri və cəmiyyətin məlumatlılığı mühüm rol oynayır. Bu prosesdə informasiya təhlükəsizliyi ilə ifadə azadlığı arasında tarazlığın qorunması vacibdir”.

İqtisadi müstəqillik və balanslı xarici siyasət milli dayanıqlılığı gücləndirir
Ekspert qeyd edib ki, xarici bazarlardan və təchizat zəncirlərindən yüksək asılılıq böhranlar, sanksiyalar və qiymət dəyişiklikləri zamanı dövlətin manevr imkanlarını məhdudlaşdıra bilər. Azərbaycan üçün iqtisadi təhlükəsizliyin gücləndirilməsi neft-qaz gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi və strateji ehtiyatların səmərəli idarə olunması ilə bağlıdır. Maliyyə dayanıqlılığı yalnız valyuta ehtiyatları ilə ölçülmür. Dövlət borcunun səmərəli idarə edilməsi, bank sisteminin sabitliyi, etibarlı investisiya mühiti, rəqəmsal ödənişlərin təhlükəsizliyi və strateji sahələrdə xarici asılılığın azaldılması bu anlayışın tərkib hissələridir. Enerji gəlirlərinin müdafiə və texnoloji infrastrukturla yanaşı, təhsil, innovasiya və regional inkişafa yönəldilməsi iqtisadi inkişafı milli təhlükəsizliyin daha dayanıqlı dayağına çevirə bilər.
N.Əlizadə Azərbaycanın nəqliyyat və logistika potensialının strateji əhəmiyyət daşıdığını bildirib. Orta Dəhlizin inkişafı və ölkənin beynəlxalq nəqliyyat əlaqələrindəki mövqeyi iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir, Azərbaycanın regional əhəmiyyətini artırır. Bu imkanlardan səmərəli istifadə üçün infrastrukturun modernləşdirilməsi, logistika sistemlərinin təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi vacibdir. Müstəqil və praqmatik xarici siyasət milli təhlükəsizlik strategiyasının digər mühüm istiqamətidir. Bu yanaşma hər hansı böyük gücə qarşı mövqe tutmaq deyil, milli maraqları əsas götürərək müxtəlif tərəfdaşlarla balanslı və qarşılıqlı faydalı münasibətlər qurmaq deməkdir.
“Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi, Türkiyə ilə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq bu siyasətin mühüm istiqamətlərindəndir. BMT, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda iştirak, enerji diplomatiyası və ictimai diplomatiya ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın milli təhlükəsizlik və inkişaf siyasətinin səmərəliliyi bu istiqamətlərin vahid sistem daxilində uzlaşdırılmasından asılıdır. Hərbi güc iqtisadi və texnoloji imkanlarla, kibertəhlükəsizlik təhsilli və məlumatlı cəmiyyətlə, iqtisadi inkişaf isə sabit və etibarlı institusional mühitlə dəstəklənməlidir. Buna görə mövcud strateji sənədlərin konkret və ölçülə bilən hədəflərə, dövlət qurumları arasında əlaqələndirməyə və cəmiyyətin fəal iştirakına əsaslanan vahid fəaliyyət mexanizminə çevrilməsi Azərbaycanın uzunmüddətli dayanıqlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə N.Əlizadə əlavə edib.