MINEPS VII konfransına hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Bu il iyunun 26-dan 29-dək Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçiriləcək. Mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də “Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MlNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.
Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu gün tədbirə hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib.
Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, 150-dən çox ölkənin idman nazirləri səviyyəsində təmsil olunacağı MlNEPS VII konfransı UNESCO-nun idman sahəsi ilə bağlı beynəlxalq tədbiridir.
Ötən ay Parisdə UNESCO-nun qərargahında 100-dək ölkənin iştirakı ilə ilk təqdimatın baş tutduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsinin nəzdində işçi qrup fəaliyyət göstərir. Tədbirin yüksək səviyyədə təşkili üçün bütün məsələlər müvafiq sahələrə məsul qurumlarla koordinasiya olunur.
İclasda MINEPS VII konfransına hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyəti qurumların təmsilçiləri ilə müzakirələr aparılıb.