Mingəçevirdə keçirilən tədbirdə narkotik vasitələrin insan orqanizmində yaratdığı fəsadlar barədə məlumat verilib
Bakı, 26 noyabr, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər texniki humanitar liseyində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev narkomaniyanın bəşəriyyətə dəyəri ölçülməyəcək fəsadlar vurduğunu və heç bir yaş sərhədi tanımayaraq cavanlaşmasının genefond üçün böyük təhlükə olduğunu diqqətə çatdırıb. “Ağ ölüm”ə qarşı aparılan mübarizədə aidiyyəti dövlət qurumları ilə yanaşı cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini vurğulayıb. Gənclərin sağlam böyüməsində ən vacib amillərdən birinin də narkomaniya ilə mübarizə və onun profilaktikası olduğunu qeyd edib.
Sonra çıxış edənlər narkotik vasitələrin insan orqanizmi üçün yaratdığı fəsadlardan danışıb, məktəbliləri zərərli vərdişlərdən uzaq olmağa çağırıblar.