SİYASƏT
Minskdə Azərbaycan diasporu tərəfindən təşkil olunmuş dama turniri keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Bu günlərdə Minskdə Belarus Respublikasının Azərbaycan İcmaları Konqresinin gənclər şöbəsi və Maksim Tank adına Belarus Dövlət Universiteti yanında Bakı Slavyan Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzi tərəfindən təşkil olunmuş dama turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkənin müxtəlif ali məktəblərinin tələbələri iştirak etmişlər. Onların arasında müxtəlif millətlərin nümayəndələri olmuşdur.
Turnir bu günlərdə Azərbaycanda keçirilən Nar bayramına həsr edilmişdir. Buna görə də nar ağacı meyvəsinin bu tədbirin rəmzi seçilməsi təsadüfi olmamış və hamı bu ləzzətli meyvədən dada bilmişdir. Oyun 3 turda keçirilmişdir. Finalda oğlanlardan ibarət komandanın nümayəndəsi qızlar komandasının nümayəndəsi ilə görüşmüşdür. Belarus Dövlət Tibb Universitetinin müalicə fakültəsinin tələbəsi Vasim Haşımzadə turnirin qalibi olmuşdur. Ona Azərbaycan dili və mədəniyyəti mərkəzi, Belarus Respublikasının Azərbaycan İcmaları Konqresinin gənclər şöbəsi və konqresin rəhbəri Natiq Bağırovun adından hədiyyələr təqdim edilmişdir.
Səmimi dostluq şəraitində keçən gecə nərd oyunu, çay süfrəsi və Azərbaycan İcmaları Konqresinin gənclər şöbəsinin qarşıda nəzərdə tutduğu tədbirlərin müzakirəsi ilə davam etdirilmişdir.