Minskdə keçiriləcək ikinci Avropa Oyunlarının mədəni proqramına “Azərbaycan gecəsi” ilə start veriləcək YENİLƏNİB
Bakı, 27 may, AZƏRTAC
İyunun 21-30-da Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycanı 80 idmançı təmsil edəcək. Azərbaycan nümayəndə heyəti ümumilikdə 170 nəfərdən ibarət olacaq.
AZƏRTAC xəbər verir ki, bunu mayın 27-də təşkil olunan mətbuat konfransında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Vitse-prezident bildirib ki, komandada 32 məşqçi, 15 inzibati heyət üzvü və 5 tibb işçisi yer alacaq. İdmançılar arasında güləşçilər üstünlük təşkil edirlər.
“İkinci Avropa Oyunlarında 4 min idmançı iştirak edəcək. Atletlər 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Kişilər üçün 91, qadınlar üçün 89, qarışıq 20 yarış keçiriləcək. “Minsk 2019” ikinci Avropa Oyunları idmanın 15 növü üzrə yarışlara ev sahibliyi edəcək. Azərbaycan atletləri bu yarışlarda idmanın 10 növü üzrə mübarizə aparacaqlar”, - deyə Ç.Hüseynzadə bildirib.
Oyunların açılış mərasiminin iyunun 21-də, bağlanış mərasiminin isə ayın 30-da “Dinamo” stadionunda keçiriləcəyini deyən MOK rəsmisi vurğulayıb ki, yarışlar 12 idman obyektində baş tutacaq. İdmançılar tələbə şəhərciyi olan və Oyunlar üçün yenidən hazırlanmış Atletlər kəndində qalacaqlar. Tutumu 6500 yerlik olan Atletlər kəndi mayın 1-dən fəaliyyətə başlayıb. İkinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək “Ulduz səfir” tituluna Əməkdar artist Tünzalə Ağayeva layiq görülüb.
Bakıda təşkil olunan ilk Avropa Oyunlarında qazanılan nəticənin təkrarlanmasının olduqca çətin olduğunu deyən Ç.Hüseynzadə güləş, boks, cüdo və karate yarışlarında daha çox medal gözlədiklərini diqqətə çatdırıb: “Proqnoz vermək çətindir. Çalışacağıq ki, medallarımızın sayı kifayət qədər olsun. Bu Oyunların “Tokio 2020”nin heyətinin müəyyənləşməsində böyük rolu olacaq. Əlimizdən gələni edəcəyik ki, ümumi hesabda ilk onluqda yer alaq”.
Minskdə idman obyektlərinin bir-birinə yaxınlığını müsbət dəyərləndirən MOK rəsmisi nəqliyyatla bağlı müəyyən problemlərin mövcudluğundan xəbərdar olduğunu vurğulayıb. Ç.Hüseynzadə bildirib ki, ikinci Avropa Oyunlarının mədəni proqramına iyunun 20-də keçiriləcək “Azərbaycan gecəsi” ilə start veriləcək. Bu, Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkilini təcəssüm etdirir. Həmin gün yalnız Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. Digər günlərdə isə başqa ölkələrin gecələri keçiriləcək.
MOK-un baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyev turnirə qatılacaq 11 boksçumuzun II Avropa Oyunlarında dörd medal qazana biləcəklərini proqnozlaşdırıb: “Bu gün boksçularımızın gücünə baxanda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanacaqlarını proqnozlaşdırıram”.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanda təşkil olunub. “Bakı-2015”də Azərbaycan idmançıları 56 medal (21-15-20) qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer alıblar.