Minskdə, MDB-nin mənzil-qərargahında Turizm üzrə Şuranın iclası keçiriləcəkdir
Bakı, 7 iyun (AZƏRTAC). İyunun 8-də Minskdə MDB-nin İcraiyyə Komitəsində Turizm Sahəsində Əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin Turizm üzrə Şurasının iclası keçiriləcəkdir.
Tədbirin gündəliyinin layihəsinə altı məsələ daxil edilmişdir. Görüş iştirakçıları Birlik ölkələrinin turizm sahəsində qarşılıqlı fəaliyyətinin vəziyyətini və perspektivlərini, turizm sahəsində beynəlxalq əməkdaşlıq strategiyası layihəsinin işlənib hazırlanmasının əsas istiqamətlərini, Turizm üzrə Şura haqqında Sazişin həyata keçirilməsinin gedişini müzakirə etməyi planlaşdırırlar.
İclasda MDB məkanında turistləri istiqamətlərindən informasiyanın vahid standartları, 2013-2014-cü illərdə Birlik iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində prioritet tədbirlər planı layihəsi ilə bağlı məsələlər də nəzərdən keçiriləcəkdir.
Xatırladaq ki, Turizm Sahəsində Əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin Turizm üzrə Şurası 1994-cü ildə yaradılmışdır. Şuranın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukrayna nümayəndələri daxildir.
Şuranın işi dostluq münasibətlərinin qorunub saxlanması və dərinləşdirilməsi amili kimi vətəndaşların mənəvi tələbatının təmin edilməsinə, onların mədəni-tarixi dəyərlərə yiyələnməsinə, turizm üzrə hökumət orqanları ilə milli, regional və digər turizm təşkilatları arasında qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanan iqtisadi münasibətlərin inkişafına, beynəlxalq turizm sahəsində əlaqələrin, münasibətlərin genişlənməsinə və təkmilləşdirilməsinə yönəlmiş beynəlxalq turizm əlaqələrinin inkişafı üçün əlverişli şərait yaratmaq məqsədi güdür.
Şura MDB ölkələrində turizmin inkişafının vahid strategiyasının işlənib hazırlanması, turizm siyasətinin həyata keçirilməsinin əsas istiqamətlərinin uzlaşdırılması, rəqabət qabiliyyətli müştərək turizm məhsulları yaradılması və bu məhsulların beynəlxalq bazarda səmərəli tətbiqi məsələlərinə xüsusi diqqət yetirir.
Turizm təkcə iqtisadi artım amili deyil, həm də Birlik xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, böyüməkdə olan nəslin maarifləndirilməsinə və tərbiyəsinə, mədəni əməkdaşlığa şərait yaradan mühüm sosial hadisə hesab edilir.
Şura Birlik iştirakçısı olan dövlətlərin ərazilərində UNESCO-nun “Mədəni irs” proqramının kulturoloji təyinatlı obyektlərinin siyahısı əsasında beynəlxalq transsərhəd mədəni-öyrədici marşrutlar hazırlanması, “Birlik iştirakçısı olan dövlətlərin milli muzey sərvətləri şəhərlərimizin küçələrində” adlı sərgi layihəsinin təşkili, beynəlxalq turizm sərgi-yarmarkaları keçirilməsi işlərini əlaqələndirir.