REGİONLAR
Mirbala Səlimli: Festival iştirakçıları Şəkinin yüksək mədəniyyətinə və tarixiliyinə bir daha şahid olurlar
![Mirbala Səlimli: Festival iştirakçıları Şəkinin yüksək mədəniyyətinə və tarixiliyinə bir daha şahid olurlar](/files/2023/2/1200x630/16886383212949020960_1200x630.jpg)
Şəki, 6 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı öz işini uğurla davam etdirir. Festivalımızın coğrafiyası çox genişdir: Şərq və Qərb musiqiləri, gözəl kollektivlər, rəngarəng proqramlar. Festival şəhərimizə gələn qonaqları, turistləri maraqlandıran çox gözəl tədbirdir. Festivalımız 12-ci dəfədir keçirilir və bu, festivallar üçün çox böyük tarixdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli söyləyib.
Şəkinin regionun ümumi mədəni həyatının yüksəlməsində böyük rol oynadığını vurğulayan rejissor deyib: “Bura gələn kollektivlər öz musiqilərini, rəqslərini, folklorunu nümayiş etdirməklə yanaşı, həm də bizim mədəniyyətimizlə, adət-ənənələrimizlə, mətbəximizlə, təbiətimizlə yaxından tanış olur, kollektivlərimizin çıxışını izləyirlər. Onlar qədim Şəkinin necə yüksək mədəniyyətə, tarixə malik olduğunun bir daha şahidi olurlar. Mənim üçün festival böyük bir mədəni, tarixi hadisədir və bu festivalı yaşatmaq bizim borcumuzdur”.