Misirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
Qahirə, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Misirin Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin heykəli önündə keçirilən tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən, səfirliyin əməkdaşları, “Vətənpərvər” - Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin üzvləri, azərbaycanlı iş adamları, tələbələr, KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini anıb, onun heykəli önünə gül dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkında yerləşən kitabxanada misirli uşaqların Ulu Öndər Heydər Əliyevə və Azərbaycana həsr etdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Səfir E.Poluxovun Qalyubiyyət qubernatoru və vilayət Məclisinin sədri arasında keçirilən görüşdə “Heydər Əliyev İli” ilə bağlı Misirdə keçiriləcək tədbirlər, Azərbaycan-Misir əlaqələrinin perspektivləri, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə