SİYASƏT
Misirli politoloq: Azərbaycan öz hüquqlarını bərpa edir
Qahirə, 8 oktyabr, AZƏRTAC
Misirin “Dialoq” Siyasi Araşdırmalar və Mətbuat Mərkəzinin qadın və uşaq araşdırmaları bölməsinin müdiri, politoloq Əmirə Əbdülhəkim “Aldiplomasy” nəşrində “Azərbaycan öz hüquqlarını bərpa edir” sərlövhəli məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, politoloq bir həftədən çoxdur Azərbaycanın 1990-cı illərdə Ermənistan tərəfindən işğal edilmiş 20 faiz ərazisinin azad edilməsi uğrunda döyüşlər apardığını bildirib. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların erməni hərbi birləşmələrinin həmin torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasına dair sənədlərinə baxmayaraq, Ermənistan bu tələblərə məhəl qoymur.
Ə.Əbdülhəkim qeyd edib ki, atəşkəs rejiminə də əməl etməyən Ermənistan 26 il müddətində gərginliyi artırmaqda davam edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin onilliklərdir həlli mümkün olmayan Fələstin problemindən sonra sülhə və təhlükəsizliyə ən böyük ikinci təhdid olduğunu vurğulayan politoloq yazıb ki, öz torpaqlarını işğaldan azad etmək Azərbaycanın haqqıdır. O, bunu mərhum Prezident Camal Əbdel Nasirin vaxtilə Misir ərazilərində bu ölkənin suveren hüquqlarını bərpa etməsi ilə müqayisə edib.
Misirli politoloq vurğulayıb ki, davam edən döyüşlərin dayandırılması və atəşkəsə nail olunmasının yeganə yolu Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsi və öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasıdır.
“Yekun olaraq bildirmək istəyirəm ki, hansı tərəfin - təcavüzkarın və ya torpaqlarını işğaldan azad edən ölkənin haqlı olmasını araşdırmağa da ehtiyac yoxdur. Azərbaycan bu müharibədə öz hüququnu bərpa edir”, - deyə Ə.Əbdülhəkim yazıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə