Mixail Boçarnikov: Rusiyanın təxminən 80 regionu Azərbaycanın bölgələri ilə sıx əməkdaşlıq edir
Bakı, 24 dekabr, Əziz Məmmədov, AZƏRTAC
Rusiya ilə Azərbaycan arasında münasibətlər genişlənir və bütün istiqamətlərdə inkişaf edir, regionlararası əlaqələr dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsini təşkil edir. Sentyabrın 27-də Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu bu əməkdaşlığın genişləndirilməsinə növbəti təkan verdi. Biz praktikada da çox şey görürük. Belə ki, Azərbaycan Respublikasında regionlararası səviyyədə Rusiya Federasiyasının təxminən 80 bölgəsi ilə əməkdaşlıq həyata keçirilir. Bu, çox şeyə dəlalət edir. Burada sözsüz ki, Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Arxangelsk, Həştərxan vilayətləri, həmçinin Rusiyanın bir çox regionları liderdirlər. Rusiyanın regionları Azərbaycanla qarşılıqlı fəaliyyətin sərbəst şəkildə genişləndirilməsi yolu ilə addımlayırlar. Onlar buraya səfərlərində müxtəlif təqdimatlar təşkil edir və çoxlu səmərəli görüşlər keçirirlər. Bununla yanaşı, hazırda Rusiyanın regionlarında Azərbaycan ticarət evlərinin açılması istiqamətində işlər gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov dekabrın 24-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
Rusiyalı diplomat Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin qorunub saxlanmasında dövlət başçılarının böyük rol oynadığını vurğulayıb. Səfir diqqətə çatdırıb ki, dostluq və tərəfdaşlıq, həmçinin mehriban qonşuluq münasibətləri Azərbaycan ilə Rusiya arasında olan əməkdaşlığın bütün sahələrini əhatə edir. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Humanitar, energetika, nəqliyyat, logistika sahələrində əməkdaşlıq genişlənir. Ticarət dövriyyəsinin artırılması üzrə işlər aparılır.
2019-cu ildə əməkdaşlığın prioritetləri məsələlərinə toxunan rusiyalı səfir qeyd edib ki, bu, cari ildə əməkdaşlığa dair tərəflərin razılığa gəldikləri sahələr, ilk növbədə, ticari-iqtisadi münasibətlərin inkişafı üzrə işlərin davamıdır. Bundan başqa, tərəflər gələn il humanitar əməkdaşlığı da genişləndirməyi planlaşdırırlar.