İDMAN
MOK-un əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub
Bakı, 29 iyul, AZƏRTAC
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib. Qaliblər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva da yer alıb.
AZƏRTAC xəbər verir ki, 4 ay davam edən müsabiqədə iştirak edən 13 min 474 namizəddən ən yüksək bal toplayan 22 nəfər qalib adını qazanıb. S.Vəliyeva ümumi xala görə 22 nəfər arasında beşinci olub. Ümumilikdə isə qaliblərdən cəmi 4-ü qadındır.
Səkinə Vəliyeva 2012-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramının qalibi olaraq Böyük Britaniyanın Mançester Universitetində bakalavr təhsil alib. MOK-un marketinq idarəsində məsləhətçi kimi işə başlayan S.Vəliyeva 2022-ci ilin avqustundan həmin şöbənin rəhbəri vəzifəsinə təyin olunub. O, eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin xüsusi komissiyasının ən gənc üzvü olub.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların stimullaşdırılması və ölkədə güclü kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunur.