Moksvada futbol üzrə XXI dünya çempionatının final mərhələsinin püşkatma mərasimi başlayıb
Bakı, 1 dekabr, AZƏRTAC
Moskvada Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə XXI dünya çempionatının final mərhələsinin püşkatma mərasimi başlayıb.
AZƏRTAC xəbər verir ki, püşkatma nəticəsində hər bir qrupun tərkibi və oyunların (ilk 48 matçın) təqvimi müəyyənləşəcək.
Dünya çempionatında iştirak hüququ qazanan 32 komandanın adları püşkatma üçün dörd səbətə daxil edilib. Birinci səbətdə ev sahibi Rusiya, dünya çempionu Almaniya, beşqat dünya çempionu Braziliya, Avropa çempionu Portuqaliya, eləcə də Argentina, Belçika, Polşa və Fransa yığma komandaları yer alıblar. İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay və Xorvatiya milliləri ikinci səbətə daxil ediliblər. Danimarka, İslandiya, Kosta Rika, İsveç, Tunis, Misir, Seneqal və İran seçmələri üçüncü səbətdədirlər. Dördüncü səbətdə isə Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Koreya Respublikası, Səudiyyə Ərəbistanı yığmaları yer alıb.
Dövlət Kreml Sarayında keçirilən püşkatma mərasimində Rusiya Prezidenti Vladimir Putin ilə yanaşı, mundialın 32 iştirakçı komandasından 30-nun baş məşqçisi də daxil olmaqla, 1300-dən çox qonaq iştirak edir.
Xatırladaq ki, futbol üzrə XXI dünya çempionatının final mərhələsi 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. Oyunların 11 şəhərin 12 stadionunda keçirilməsi planlaşdırılır.
Rusiya öz tarixində ilk dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bundan əlavə, çempionatda ilk dəfə video-təkrar sistemi tətbiq olunacaq.