Moldova mətbuatı Azərbaycan ekoloqlarının etiraz aksiyasından yazır
Bakı, 13 dekabr, AZƏRTAC
Moldova mətbuatında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasına dair məlumat rumın və rus dillərində geniş yayımlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Moldovanın “Point”, “Dosar Media” və digər xəbər portallarında yayımlanmış məqalələrdə ekoloji fəalların təbii sərvətlərin talanmasına son qoyulması məqsədilə Laçın-Şuşa yolunda etiraz aksiyası keçirdiyi qeyd edilib.
Eyni zamanda, məqalələrdə aksiya iştirakçılarının Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirdiyi, həmçinin etirazçılar üçün qurulan çadırlara isti yemək çatdırıldığına dair məlumat əksini tapıb.
Bundan əlavə, məlumatda etirazçıların “Qızılbulaq” qızıl yatağına və “Dəmirli” mis-molibden yatağına buraxılmayanadək aksiyanı davam etdirəcəkləri, eləcə də qeyri-qanuni istismarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya tərəfinə etiraz notası göndərdiyi qeyd olunub.