Monqolustanda türkoloji tədqiqatların vəziyyəti müzakirə edilib
Bakı, 11 avqust, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Monqolustana səfəri çərçivəsində Çingiz xan Muzeyinin direktoru və Beynəlxalq Monqol Tədqiqatçılar Birliyinin baş katibi Sampildondvin Çuluun ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, Çingiz xan Muzeyində keçirilən görüşdə qurumlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları və köçərilərin irsinin təbliği istiqamətində birgə layihələrin təşkili planları müzakirə olunub.
Şahin Mustafayevin Monqolustan Dövlət Universiteti və Türkiyənin Katib Çələbi Universitetinin Türkologiya kafedrasının müdiri professor Ankhbayar Danuu ilə görüşündə isə Monqolustanda türkoloji tədqiqatların vəziyyəti müzakirə edilib.
Görüşlərdən sonra Ş.Mustafayev Ulan-Batordan 75 kilometr aralıda yerləşən Bilgə Tonyukuk abidə kompleksinə və kitabələrə baş çəkib, buradakı muzeyin tikintisi ilə tanış olub.