Moskvada “Azərbaycan nemətləri” mağazası açılacaq
Moskva, 1 mart, AZƏRTAC
Moskvada, “DEPO” qastromarketinin ərazisində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan nemətləri” mağazası açılacaq.
AZƏRTAC xəbər verir ki, Ticarət Nümayəndəliyində bunun “Azərbaycan” Ticarət Evinə doğru atılan ilk addım olduğunu bildiriblər. “Ticarət Nümayəndəliyi ixracatın stimullaşdırılması məqsədilə Azərbaycan məhsullarının Rusiya bazarlarında yayılması sisteminin formalaşdırılmasına başlayıb. Bu sistem Azərbaycan məhsullarının Rusiyaya ixracatı üzrə ixtisaslaşdırılmış şirkəti, “Azərbaycan nemətləri” mağazalar şəbəkəsini və ölkəmizin ixrac, sərmayə və turizm potensialı barədə daimi fəaliyyətdə olan sərgini özündə birləşdirəcək”, - deyə nümayəndəlikdə bildiriblər.
“Azərbaycan nemətləri” mağazaları yerli sahibkarları cəlb etməklə fəaliyyət göstərəcək, “Azərbaycan” Ticarət Evi isə mağazaların genişçeşidli Azərbaycan məhsulları ilə təmin edilməsində yardımçı olacaq.
“İlk addım qismində martın 9-da “DEPO” qastromarketinin ərazisində - Moskva şəhərinin Lesnaya küçəsində Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan nemətləri” mağazası açılacaq. Mağazada 15 istehsalçının 200 çeşiddən artıq məhsulu təqdim ediləcək”, - deyə Azərbaycanın Ticarət Nümayəndəliyində bildiriblər.
Açılış mərasiminə çoxsaylı qonaqlar, KİV nümayəndələri və yaradıcı kollektivlər dəvət olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva