Moskvada Azərbaycan xalqının ümummilli liderinin xatirəsi yad edilib
Moskva, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbirə gələnlər ulu öndər Heydər Əliyevin səfirliyin binasına vurulmuş barelyefi önünə əklil qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq qeyd edib ki, dekabrın 12-si Azərbaycan xalqı üçün kədərli və əlamətdar gündür. 11 il bundan əvvəl dekabrın 12-də Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev dünyasını dəyişib. Onun adı təkcə Azərbaycanın yox, bütün keçmiş Sovet İttifaqının tarixinə yazılıb. Heydər Əliyev bugünkü Azərbaycanın memarıdır. Və bu gün ölkəmiz onun göstərdiyi yolla Prezident İlham Əliyevin rəhbərliyi ilə irəliləyir.
Diplomat vurğulayıb ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması ölkəmiz üçün nicat yolu oldu. P.Bülbüloğlu deyib: “Bu gün Heydər Əliyevin anım gecəsini keçiririk, lakin biz onun haqqında canlı müasirimiz kimi danışırıq, çünki biz bu gün də öz işlərimizi Heydər Əliyevin tövsiyələri ilə müqayisə edirik. Onunla birgə işləmiş insan kimi mən bu gün də ciddi məqamlarla üzləşəndə düşünürəm: “Buna Heydər Əliyev nə deyərdi?”
Səfir P.Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və unikallığını, Azərbaycanın təşəkkülünə və inkişafına onun böyük töhfəsini, dünya arenasında danılmaz nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında əzmkarlığını və yüksək insani keyfiyyətlərini vurğulayıb.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan xalqının ümummilli lideri ilə şəxsi görüşləri barədə xatirələrini bölüşüb. O deyib: “Heydər Əliyev çox müdrik və öz ətrafında müvafiq ab-hava yaratmağı bacaran insan idi. Son dərəcə vacibdir ki, onun böyütdüyü oğul Heydər Əliyevin yaratdığı təməl üzərində müasir, çiçəklənən, dinamik inkişaf edən ölkə qurur”.
Tədbirin rəsmi hissəsi başa çatandan sonra ehsan verilib.
Anım gecəsində Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Rusiyanın görkəmli siyasi və ictimai xadimləri, xarici ölkələrin Moskvada akkreditə edilmiş səfirliklərinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva