Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir
Moskva, 16 aprel, AZƏRTAC
Moskvada Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə IV Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı işə başlayıb. Konfransda Azərbaycanı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Beynəlxalq konfransda 80-ə yaxın ölkənin və beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edirlər.
Konfransı giriş sözü ilə açan Rusiyanın müdafiə naziri Sergey Şoyqu “rəngli inqilablar” fenomeninin inkişaf etməkdə davam etdiyini və qlobal xarakter aldığını söyləyib: “Biz ötən il keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik konfransında bu barədə xəbərdarlıq etmişdik. Rəngli inqilabların ən faciəlisi Ukraynada baş verdi. ABŞ və müttəfiqlərinin Kiyevi öz orbitlərinə cəlb etmək cəhdləri bütün ağla gəlməyən həddi keçmişdi və Rusiya buna reaksiya verməyə bilməzdi. Antikonstitusion dövlət çevrilişi nəticəsində Ukraynada vətəndaş müharibəsi baş verdi”.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxışında Prezident Vladimir Putinin konfrans iştirakçılarına məktubunu oxuyub. Məktubda deyilir ki, suveren dövlətlərin daxili işlərinə müdaxilə, “rəngli inqilablar” ssenarilərinin həyata keçirilməsi Yaxın Şərqdə zorakılıq və xaosun genişlənməsinə gətirib çıxarır.
Xarici işlər naziri Sergey Lavrov da çıxışında Ukraynadakı böhrana və Yaxın Şərqdə baş verən hadisələrə toxunub.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, SSRİ-nin süqutundan sonra Moldova ilə Dnestryanı Moldova Respublikası, Gürcüstanla Abxaziya və Cənubi Osetiya, Azərbaycanla Ermənistan arasında münaqişələr nizamlanmamış qalır. Rusiyanın ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda postsovet məkanında konfliktlərin yenidən alovlanması ehtimalı var. Rusiyanın sərhədləri yaxınlığında silahlı qarşıdurmaların yenidən başlanması təhlükəsi mövcuddur. Rusiya bu təhlükələrlə bağlı müvafiq tədbirlər görülməsini vacib hesab edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva