MƏDƏNİYYƏT
Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi işıq üzü görüb
![](/files/galleryphoto/2023/2/1200x630/1688717192432334487_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887171934889315372_1200x630.png)
![](/files/galleryphoto/2023/2/1200x630/16887171936423164446_1200x630.png)
Moskva, 7 iyul, AZƏRTAC
Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnal baş redaktor Musa Mərcanlının ənənəvi redaktor sütunu ilə açılır. Jurnalist xatırladır ki, Azərbaycanda 2023-cü il rəsmi olaraq “Heydər Əliyev İli” elan edilib və bununla bağlı Heydər Əliyevin Azərbaycan SSR-in lideri postunda olduğu illərdə Azərbaycanın Qarabağ regionunda inkişaf proseslərinə həsr olunmuş “Heydər Əliyev və Qarabağ: 1969-1982-ci illər” sərlövhəli material təqdim edilib.
2020-ci ildə Azərbaycan hərbi yolla öz ərazilərini azad etdikdən sonra bu ərazilərin bərpasını və istifadə olunmasını çətinləşdirən əsas amil mina çirkləndirilməsi problemidir. Bu problemə və ərazilərin minadan təmizlənməsinin gedişatına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbəri Vüqar Süleymanovun məqaləsi həsr olunub.
Bu mövzu ilə SSRİ-də erməni irredentist millətçiliyinin tarixi haqqında, nəşri bu nömrədə başa çatan material retrospektiv şəkildə səsləşir. Məqalənin yekun hissəsində respublika rəhbərliyinin susmaqla dəstəklədiyi və Kremlin göz yumduğu millətçi əhval-ruhiyyənin baş qaldırmasının, Azərbaycana qarşı ərazi iddialarının açıq-aşkar şəkildə irəli sürülməsinin müşahidə olunduğu 1966-1967-ci illərin hadisələri nəzərdən keçirilir. Bundan başqa, Azərbaycanın tərkibində Qarabağın dağlıq hissəsində muxtariyyətin yaradılması ilə bağlı 1920-1921-ci illərin hadisələri sənədli mənbələr əsasında işıqlandırılıb.
Digər materiallar arasında Osmanlı imperiyasının paytaxtında 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin məcburi qalması barədə məqalənin yekun hissəsi də oxuculara maraqlı gələcək. Bununla yanaşı, nömrədə daimi rubrikaların materialları da təqdim olunub.
Fəridə Adullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva