MOSKVADA Q.TROFİMÇUKUN “AZƏRBAYCANI KƏŞF EDƏRKƏN” KİTABININ TƏQDİMATI OLMUŞDUR
“Azərbaycanı kəşf edərkən” Rusiyanın və MDB ölkələrinin problemləri haqqında bir çox kəskin publisistik kitab və məqalələr müəllifinin müasir Azərbaycana, onun siyasəti, iqtisadiyyatı, mədəniyyəti, dini, adət-ənənələri və milli mentalitetinə original baxışlarını əks etdirir. Q.Trofimçuk Azərbaycanla Rusiya arasında paralellər apararaq, azərbaycanlılar barəsində müəyyən stereotipləri təkzib edir. Kitabın süjet xətti Azərbaycanın Rusiya üçün dost və strateji baxımdan vacib ölkə olması ideyası üzərində qurulmuşdur. Təsadüfi deyil ki, müəllif Rusiyanın Cənubi Qafqazdakı siyasətinə geniş yer ayıraraq vurğulayır ki, məhz Rusiya Azərbaycanı özündən uzaqlaşdıraraq, ona Ermənistanla münaqişədə xəyanət etmişdir.
Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti (AFMM) tərəfindən təşkil olunmuş təqdimat mərasimində Rusiyadakı diasporumuzun və bu ölkənin ictimaiyyətinin görkəmli nümayəndələri iştirak etmişlər.
Q.Trofimçuk AZƏRTAC-ın müxbirinə demişdir ki, Azərbaycan və azərbaycanlılar mövzusuna müraciət etməyə bir neçə səbəb təkan vermişdir. Məsələn, Rusiya və MDB ölkələri ətrafında yaranan ictimai-siyasi vəziyyət bunu şərtləndirən əsas məqamlardan biri olmuşdur. Müəllif söyləmişdir ki, hazırda Rusiyanın Birlik ölkələri ilə qarşılıqlı münasibətlərini möhkəmləndirmək üçün yeni yanaşmalar, yeni əsaslar sistemi lazımdır və o, daha sıx inteqrasiyaya və əməkdaşlığa yönəldilən yollar təklif edir. Trofimçuk demişdir: “Mən bu yanaşmaları müəyyənləşdirməyə çalışdım, onların üzərində bundan sonra da işləmək olar. İstərdim ki, Azərbaycan və azərbaycanlılar mövzusuna maraq dalğasını hərəkətə gətirim”.
Kitabın nəşrinə kömək göstərən AFMM-in prezidenti Söyün Sadıqov bildirmişdir ki, bu əsər Moskvanın ictimai həyatında hadisədir və ölkəmizin, xalqımızın daha yaxşı dərk olunması üçün böyük əhəmiyyətə malikdir. Onun fikrincə, “Azərbaycanı kəşf edərkən” konstruktiv vətənpərvərlik ruhu aşılayan kitabdır və Rusiyanın qarşısında duran praktik məsələlərin həllinə yönəldilmişdir. Müəllifin Azərbaycana kompleks baxışı kitabın yazılması zamanı qarşıya qoyulan “xalq diplomatiyası” prinsipinə tam cavab verir.