MTN ƏMƏKDAŞLARININ PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TOPLANTI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, toplantıda Milli Məclisin deputatları, MTN-in əməkdaşları və veteranları, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycanda təhlükəsizlik orqanlarının inkişaf etdirilməsindən, MTN əməkdaşlarının dövlətçiliyimizi şərəflə qoruduqlarından danışmışlar. Qeyd olunmuşdur ki, Azərbaycanda təhlükəsizlik orqanlarının milliləşdirilməsi və təşəkkül tapması Prezident Heydər Əliyevin adı ilə bağlıdır.
Natiqlər əminliklə bildirmişlər ki, MTN əməkdaşları ümummilli liderimiz Heydər Əliyevin bu qurumun inkişafına göstərdiyi diqqət və qayğını heç vaxt unutmayacaq, bundan sonra da dahi rəhbərimizin ən layiqli siyasi davamçısı Prezident İlham Əliyevə arxa olacaq, dövlətimizin və xalqımızın təhlükəsizliyini təmin etmək üçün öz vəzifə borclarını şərəflə yerinə yetirəcəklər.
Toplantıda dövlət qurumlarının, həmçinin idarə və müəssisələrin təbrikləri oxunmuşdur.
Keçmiş sovet dövründə repressiyaya düçar olan Mirhəsən Məcidovla Cəfər Mürşüdlünün istintaq işləri ilə bağlı arxiv materialları xatirə olaraq onların doğmalarına veriləndən sonra, MTN –in veteranlarına hədiyyələr təqdim edilmişdir.
Tədbir geniş konsert proqramı ilə başa çatmışdır.