“Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzusu gənclərin müzakirə mövzusu olub
Bakı, 3 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 3-də “Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzusunun müzakirəsi məqsədilə gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıb. O bildirib ki, Azərbaycan bu gün şanlı, şərəfli tarixini yaşayır. Ulu Öndər Heydər Əliyevin xidmətləri və əsasını qoyduğu siyasət sayəsində Azərbaycanın regionda aparıcı dövlətlərdən birinə çevrildiyini deyən komitə sədri qeyd edib ki, bu məqsəd vətəndaşların daha yaxşı yaşamasına, onların təhlükəsizliyinin təmin olunmasına, potensiallarının Azərbaycanın inkişafına yönəldilməsinə istiqamətlənib.
Komitə sədri vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə həyata keçirilən siyasət gənclərin inkişafı, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılması və peşəkar yetişməsi üçün baza rolunu oynayıb. “Biz bu gün ölkəmizin istedadlı gəncləri ilə görüşürük. Ölkəmizdə uşaqların hərtərəfli inkişafı, maraqlarının qorunması, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir”.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ümummilli Liderin Azərbaycan tarixinin ən ağrılı zamanı olan müstəqilliyin bərpası dövrünün də iştirakçısı olduğunu qeyd edib: “Ozamankı Azərbaycan gəncləri birmənalı olaraq Ulu Öndər Heydər Əliyevin yanında idilər”.
Sonra dialoq formatında davam edən görüşdə Dövlət Komitəsinin sədri Bahar Muradova və Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli onlara ünvanlanan sualları cavablandırıblar. Gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyev və Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, gənclərin cəmiyyətin inkişafında rolunun və ictimai həyatın bütün sahələrində fəallığının artırılması ilə bağlı müzakirələr aparılıb.