Müasir dövrdə idarəetmənin problemlərinə dair X respublika elmi-praktik konfransı keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda X respublika elmi-praktik konfrans keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, idarəetmədə yeni istiqamətlərin formalaşdırılması və mövcud tədqiqatların müzakirəsi baxımından elmi platforma kimi dəyərləndirilən bu konfrans ölkənin müxtəlif ali təhsil müəssisələrindən, elmi-tədqiqat mərkəzlərindən və dövlət qurumlarından geniş iştirakçı auditoriyasını bir araya gətirməklə, aktual problemlərin müzakirəsinə təkan verib.
Konfransın plenar iclasında universitetin rektoru İlham Mədətov müasir dünyada idarəetmə proseslərinə tələblər, sosial-iqtisadi reallıqlar və yeni çağırışlar fonunda rəqəmsallaşma istiqamətində elmi yanaşmanın əhəmiyyətindən bəhs edib. O, effektiv idarəetməni ənənəvi idarəçilik mexanizmləri deyil, innovativ düşüncə tərzi, çevik qərarvermə prosesləri və texnoloji yeniliklərin idarəetməyə inteqrasiyası kimi dəyərləndirib. İ.Mədətov ATMU-da elmi tədqiqatların prioritet istiqamətlərdən biri, adçəkilən konfransın isə bu baxımdan mühüm elmi diskussiya meydanı olduğunu deyib.
Plenar iclasda Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin müdiri dosent Nəsirulla Nəsirlinin “Müasir Azərbaycanda turizmin inkişaf perspektivləri” və tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının “Sosial bərabərlik ideyasının antihumanist mahiyyəti” mövzusunda məruzələri dinlənilib.
Konfrans işini tematik bölmələrdə davam etdirib. Tədbirdə təhsil və mədəniyyət sahələrində idarəetmə və hüquqi məsələlər, beynəlxalq münasibətlərin idarə edilməsində milli dəyərlərin rolu, sosial və xidmət sahələrinin idarə edilməsi, turizmdə qidalanma və mütəxəssis hazırlığı, eləcə də dil problemləri kimi aktual mövzular ətrafında elmi müzakirələr aparılıb. Bölmə iclaslarına 100-dən artıq məruzə təqdim olunub, müasir idarəetmə model və yanaşmalarına, eləcə də sosial-iqtisadi proseslərin təkmilləşdirilməsinə dair praktiki əhəmiyyətli təkliflər irəli sürülüb.