Müdafiə Nazirliyinin nümayəndələri şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşüblər
Bakı, 6 sentyabr, AZƏRTAC
Müdafiə Nazirliyinin nümayəndələri yeni tədris ili ərəfəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirir və onların məktəbli övladlarının qayğıları ilə maraqlanırlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlər zamanı nazirliyin nümayəndələri qarşıdan gələn Bilik Günü münasibətilə valideynləri və şagirdləri təbrik edib, Azərbaycan dövləti tərəfindən təhsilə göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıblar.
Sonra uşaqlara məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri göstərilən diqqətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Belə görüşlər sentyabrın 15-dək davam edəcək.