Müəllimlər üçün keçirilən “Onlayn dərs” müsabiqəsinin məktəbdaxili mərhələsinin vaxtı uzadılıb
Bakı, 15 mart, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin müəllimləri üçün keçirilən “Onlayn dərs” müsabiqəsinin məktəbdaxili mərhələsinin vaxtı uzadılıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, müəllimlərin müraciətləri nəzərə alınaraq müsabiqənin məktəbdaxili mərhələsi aprelin 15-dək davam edəcək.
BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.
İki mərhələdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunur. Hər müəllim yalnız bir onlayn dərs modeli ilə müsabiqədə iştirak edə bilər. Məktəbdaxili mərhələdə hər təhsil müəssisəsi üzrə 3 ən yaxşı onlayn dərs modeli seçilərək [email protected] elektron ünvanına göndəriləcək. Şəhər mərhələsində isə məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.
Müsabiqənin nəticələrinə əsasən, ibtidai siniflər kateqoriyası üzrə 3 müəllim birinci, 3 müəllim ikinci, 3 müəllim üçüncü yerə, yuxarı sinif kateqoriyası üzrə isə 5 müəllim birinci, 5 müəllim ikinci, 5 müəllim isə üçüncü yerə layiq görüləcək. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15 onlayn dərs tədris edən müəllimə “tərifnamə” təqdim olunacaq.