Murad Sadıxov: Azərbaycan “Masdar” üçün əsas və perspektivli bazarlardan birinə çevrilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan “Masdar” üçün əsas və perspektivli bazarlardan birinə çevrilib və şirkətin ölkədəki fəaliyyəti regional mərkəz kimi formalaşma istiqamətində inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar”ın Azərbaycan üzrə ölkə direktoru Murad Sadıxov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.
O bildirib ki, Azərbaycan hökuməti ilə birlikdə bərpaolunan enerji sahəsində investisiyaların cəlb olunmasına imkan verən qanunvericilik bazasının formalaşdırılması istiqamətində də iş aparılıb.
“Biz hökumətlə birlikdə layihələrin maliyyələşdirilməsinə imkan verən qanunvericilik üzərində işlədik. Bu, yalnız “Masdar” üçün deyil, bütün investorlar üçün imkanlar yaratdı və hazırda Azərbaycanın bu sahəyə böyük maraq görməsinə şərait yaradıb. Ölkədə bərpaolunan enerji sektorunun inkişafı üçün yerli kadr və infrastruktur potensialının formalaşdırılması da diqqətdə saxlanılıb”, - deyə o bildirib.
Murad Sadıxov Azərbaycanın hazırda “Masdar”ın fəaliyyət göstərdiyi əsas bazarlardan biri olduğunu və ölkədə formalaşan təcrübənin Mərkəzi Asiya və digər regionlardakı layihələrə də ötürüldüyünü vurğulayıb.