SİYASƏT
Murmanskda Azərbaycanın Xalq Şairi Məmməd Arazın anadan olmasının 80 illiyi qeyd edilmişdir
Bakı, 4 noyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayət bölməsinin ofisində XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq Şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, Rusiya Federasiyasının Murmansk vilayəti İctimai Palatasının üzvü, ÜAK-ın Murmansk vilayət bölməsinin sədri Afil Hüseynov tədbirdə çıxış edərək, şairin həyat və yaradıcılığının əsas mərhələlərindən danışmışdır.
Sonra ÜAK-ın Murmansk vilayət bölməsi İdarə heyətinin üzvü Qədir Hüseynov çıxış edərək, Məmməd Arazın milli poeziyanın inkişafına və gənc ədiblər nəslinin yetişməsinə töhfəsini vurğulamışdır. O bildirmişdir ki, şair “Ədəbiyyat və incəsənət” qəzetinin Nəriman Nərimanovun anadan olmasının 100 illiyinə həsr olunmuş xüsusi nömrəsində dərc olunmuş materiallara görə 1972-ci ildə millətçilikdə ittiham olunaraq baş redaktorun müavini vəzifəsindən azad edilmişdir.
Böyük vətənpərvər Məmməd Arazın yaradıcılığı Azərbaycan poeziyasının ən parlaq səhifələrindən biridir. Şairin yüksək bədii- fəlsəfi ümumiləşdirmələr, lakonik üslubla səciyyələnən dərin məzmunlu lirikası gücünü doğma təbiətin gözəlliyindən, möhtəşəm tarixi keçmişimizdən, bitib-tükənməyən milli ədəbi fikir xəzinəmizdən alır. Doğma dilin bütün incəliklərini özündə birləşdirən bu poetik irsin gənclərin əxlaqi-mədəni dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi baxımından böyük əhəmiyyəti vardır.
Qeyd edək ki, yubiley tədbirində Murmansk vilayətinin İctimai Palatasının üzvləri, Murmansk şəhərinin müxtəlif milli diasporlarının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
“Məmməd Arazın kitabları” adlı sərgidə onun “Qanadlı qayalar”, “Atamın kitabı”, “Vəsiyyət”, “Seçilmiş əsərlər” və s. kitabları nümayiş etdirilmişdir.
Tədbirdə Məmməd Arazın şeirləri oxunmuşdur.
Tədbirin sonunda iştirakçılara “Vserossiyskiy Azerbaydjanskiy Konqress” qəzeti, “Baku” və “İRS” jurnalları paylanmışdır.