SİYASƏT
Murmanskda milli mədəni birliklərin festivalı keçirilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Murmansk şəhərindəki Həmkarlar İttifaqlarının mərkəzi stadionunun idman sarayında milli-mədəni birliklərin festivalı keçirilmişdir.
“Ümumrusiya Azərbaycanlılar Konqresi” (ÜAK) ictimai təşkilatının Murmansk regional bölməsinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, festival çərçivəsində mini-futbol turniri keçirilmişdir. Bu turnirin iştirakçıları onu qeyri-rəsmi şəkildə “SSRİ çempionatı” adlandırırlar.
Festivala hazırlıq və onun təşkili işlərinə ümumi rəhbərliyi Murmansk şəhər administrasiyasının bədən tərbiyəsi və idman, sosial dəstək, ictimai təşkilatlarla qarşılıqlı əlaqələr və gənclərin işləri üzrə komitələr tərəfindən həyata keçirilmişdir.
Festivalın açılış mərasimində Murmansk hökumətinin və şəhər administrasiyasının nümayəndələri çıxış etmişlər. Onlar qeyd bildirmişlər ki, Murmanskda mini-futbolun daha da inkişaf etdirilməsi və populyarlaşması, əhalinin bədən tərbiyəsi və idmanla müntəzəm məşğələlərə cəlb edilməsi vətəndaşların sağlam həyat tərzinin təmin edilməsinə, bütün millətlərin nümayəndələri arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Zapolyarye dairəsində yaşayan çoxmillətli əhalinin şanlı qardaşlıq ənənələrinin qorunub saxlanmasına yönəlmişdir.
Yarışlarda Murmansk ərazisində yaşayan bütün millətlərin diaspor, icma və assosiasiyalarının yığma komandaları iştirak edirdi. Festival çərçivəsində milli mədəni birliklərin rəqs və xor kollektivləri çıxış etmişlər.
Festival çərçivəsində keçirilən milli kulinariya müsabiqəsində həmvətənlərimiz Azərbaycan mətbəxinin müxtəlif nümunələrini təqdim etmişlər.