Murtaza Karaçanta: Türkiyənin Naxçıvanla sərhəd bölgələrinin inkişafı Azərbaycanın dövlət müstəqilliyi ilə birbaşa bağlıdır
İstanbul, 15 dekabr, AZƏRTAC
Türkiyənin Qars şəhərinin bələdiyyə sədri Murtaza Karaçanta ilə onun iş otağında görüşdüm. O, söhbətə ümummilli lider Heydər Əliyev haqqında fikirlərini bölüşməklə başladı:
- Heydər Əliyev kimi şəxsiyyətlər tarixdə yüz, iki yüz ildən bir doğulur və fəaliyyətləri ilə insanların qəlbində əbədilik qazanırlar. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla bərabər, türk xalqlarının sevimlisi, Qarsdakı yüksək həyat səviyyəsinin səbəbkarıdır. Türkiyənin Naxçıvanla sərhəd bölgələrinin, o cümlədən Qarsın sosial-iqtisadi inkişafı Azərbaycanın dövlət müstəqilliyi ilə birbaşa bağlıdır. Odur ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun nəticələri həmişə heyranlıqla xatırlanacaq, adı həmişə uca tutulacaq. Necə ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk insanların qəlbində yaşayır. Sevindirici haldır ki, Prezident İlham Əliyev həm Azərbaycana, həm də regiona uğur gətirən bu inkişaf strategiyasını qətiyyətlə davam etdirir.
- Murtaza bəy, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü qarslılar tərəfindən necə qarşılandı?
- İnsanlar yaxşı dərk edirlər ki, bütün bu görüşlər xalqlarımızın və ölkələrimizin rifahı üçündür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum neft və qaz kəmərləri, Bak-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP kimi qlobal layihələr dünya şöhrətli siyasi xadim Heydər Əliyevin sülh və sabitlik nəzəriyyəsinin real nəticəsidir. Bu beynəlxalq iqtisadi layihələr ulu öndər Heydər Əliyevin polad iradəsi, ortaya qoyduğu strategiya və Azərbaycanın hərtərəfli imkanları sayəsində həyata vəsiqə qazanıb. Türkiyənin Naxçıvanla həmsərhəd bölgəsi böyük bir həsrətlə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini gözləyir. Bölgə əhalisi bu layihədən birbaşa faydalana biləcək. Türkiyənin böyük bir hissəsinin sosial-iqtisadi həyatında sıçrayışlı inkişaf başlanacaq, o cümlədən Qarsa külli miqdarda sərmayə yönələcək. Əminik ki, Azərbaycanın iş adamları da bölgəmizə təşrif gətirəcəklər. Bütün bunlar, eyni zamanda, bölgədə yeni iş yerlərinin açılmasını təmin edəcək, yerli məhsullar Avropa, Asiya və Qafqaz bazarlarına birbaşa dəmir yolu ilə daşınacaq.
- Türkiyə-Ermənistan gömrük-keçid məntəqəsinin gələcək taleyi barədə nə deyə bilərsiniz?
- Bu gömrük-keçid məntəqəsi təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi işğalçılıq siyasətinə etiraz olaraq bağlanıb. Ermənistan tərəfi işğal altında saxladığı torpaqları azad etməyincə, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımayınca, Azərbaycana və Türkiyəyə qarşı əsasız iddialardan əl çəkməyincə heç bir qüvvə xalqlarımızın iradəsinə qarşı çıxıb bu yolu açmaq iqtidarında deyil.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul