M.Zaxarova: Laçın dəhlizində baş vermiş hadisə Ermənistan tərəfindən sərhədin delimitasiya olunmaması ilə bağlıdır
Moskva, 21 iyun, AZƏRTAC
İyunun 15-də Laçın dəhlizində baş vermiş hadisə Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmaması problemi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Rusiya tərəfi dəfələrlə məsləhət yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səmərəli, əsaslı işə start verməyə çağırıb. Biz sərhədin bu hissəsində də sərhəd xəttinin müəyyənləşdirilməsində kömək etməyə hazırıq”, - deyə M.Zaxarova qeyd edib.
Laçın dəhlizində baş vermiş hadisədən sonra Ermənistan XİN-in Rusiya səfirini çağırması ilə bağlı suala cavab verən Rusiya XİN-in nümayəndəsi vurğulayıb ki, Rusiya sülhməramlılarına qarşı ittihamlar tamamilə əsasızdır və sübutsuzdur. “Biz KİV-də bu mövzu ilə bağlı ritorikanın dərəcəsini azaltmağı təkidlə tövsiyə edirik”, - deyə o əlavə edib.
M.Zaxarova İrəvanı “üçtərəfli formatlarda işdən özünü kənara çəkməməyə” çağırıb”. “Onların fəaliyyətində işin dayandırılması bölgədəki vəziyyətə mənfi təsir göstərir və eskalasiyaya səbəb olur”, - deyə o bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva