Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyətidir
Bakı, 17 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq iyulun 17-də Qəbələ rayonunda “Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyətidir” mövzusunda tədbir keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qəbələ, Oğuz, Şəki, Qax, Balakən və Zaqatala rayonlarını təmsil edən fəal gənclər iştirak ediblər.
Əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinə ekskursiya təşkil olunub. Mərkəzdə qədim Qəbələ şəhərinin tarixi və sərgilənən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırılıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanılıb.