NARKOTİK VASİTƏLƏRİN DAŞINMASI İLƏ MƏŞĞUL OLAN MÜTƏŞƏKKİL DƏSTƏ ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Belə ki, bu il iyulun 7-də Beyləqan rayonunun Aşıqalılar kənd sakini, 1962-ci il təvəllüdlü Rasim Mehti oğlu Məhərrəmovun idarə etdiyi “Vaz-2106” markalı avtomaşından narkotik vasitələr - 2 qram heroin və 30 qrama yaxın marixuana tapıldıqdan sonra həmin gün onun evinə də baxış keçirilmiş və əlavə olaraq külli miqdarda narkotik vasitələr - 9 kiloqram 859 qram marixuana və 279 qram heroin aşkar edilmişdir.
Görülmüş operativ və səriştəli tədbirlər nəticəsində mütəşəkkil dəstənin digər üzvləri - Beyləqan rayonunun Eyvazalılar kənd sakini, 1960-cı il təvəllüdlü Talıb Novruz oğlu Qarayev və Ağcabədi rayonunun Avşar kənd sakini, 1966-cı il təvəllüdlü Elçin Yaşasın oğlu Məmmədov da saxlanılmışlar.
Müəyyən edilmişdir ki, bu il iyun ayının sonlarında Elçin Məmmədov Talıb Qarayev və Rasim Məhərrəmovla görüşərək, onlara 2 min 950 ABŞ dolları məbləğində pul verib şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran vətəndaşı Yəhya adlı şəxsə sifariş etdiyi həmin narkotik vasitələri ona çatdırmağı tapşırmışdır. Dövlət sərhədinin neytral zolağında mal-qara otarmaq icazəsi olan Talıb Qarayev iyulun 7-də İran-Azərbaycan dövlət sərhədinin Beyləqan rayonu istiqamətində qaçaqmal yolu ilə həmin narkotik vasitələri Yəhyadan qəbul etmiş, daha sonra onu gizli yolla Rasim Məhərrəmova çatdırmışdır.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.
İşin bütün hallarının araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.