Narkotik vasitələrin qanunsuz dövriyyəsinə mübarizə tədbirləri davam etdirilir
Bakı, 12 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlər ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır. İctimaiyyətin nümayəndələri cəmiyyətin təhlükəsizliyi naminə bu işdə polis əməkdaşlarına kömək etməyə çalışırlar. Şəki sakinlərindən biri rayon polis şöbəsinə müraciət edərək ona məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kollarının olduğu barədə məlumat verib. Daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin əraziyə baxış keçiriblər. Oradan ümumi çəkisi 82 kiloqram olan 4311 çətənə kolu aşkarlanıb və yandırılaraq məhv edilib.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Gərəkli kənd sakini Tahir İsmayılov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş doqquz ədəd narkotik tərkibli çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.