“National Herald Tribune”: Heydər Əliyev adını tarixə əbədi həkk edib
İslamabad, 13 dekabr, AZƏRTAC
Pakistanın nüfuzlu “National Herald Tribune” qəzetində Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raca Caved Ali Battinin “Dahi lider Heydər Əliyevi yad edirik” adlı məqaləsi çap olunub.
Məqalədə deyilir ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrin sırasına daxil olub. Beləliklə də bu böyük siyasətçi müasir Azərbaycanın liderinə çevrilib və adını tarixə əbədi həkk edib.
Müəllif yazır ki, Heydər Əliyevin səyləri nəticəsində bu gün Azərbaycan müstəqil, iqtisadi cəhətdən inkişaf edən, dünya xalqları arasında özünəməxsus yeri olan ölkədir. Uzaqgörən və xarizmatik lider olan Heydər Əliyev qısa müddətdə Qərb və Şərqlə, dünyanın əsas qüvvə mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmağa müvəffəq olub.
Məqalədə Heydər Əliyevin keçdiyi həyat yolu, təhsil haqqında məlumat verilir. Qeyd olunur ki, Heydər Əliyev keçmiş SSRİ dövründə siyasi büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlib. Bununla belə, mərkəzin apardığı siyasətə etiraz əlaməti olaraq partiya sıralarından istefa verib.
Oxuculara məlumat verilir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə vətəndaş müharibəsinin astanasında olduğu bir vaxtda xalqın təkidli tələbi ilə Bakıya gələn, daha sonra Prezident seçilən Heydər Əliyev öz təcrübəsini və enerjisini dövlət quruculuğuna, xalqın rifahının yüksəlməsinə sərf edib. Ölkənin yeni neft strategiyasının banisi olub, karbohidrogen ehtiyatlarının dünya bazarına yolunu açıb. Məhz bu siyasət nəticəsində Azərbaycan iqtisadi inkişafa və siyasi suverenliyinin güclənməsinə nail olub.
Məqalədə bu gün Azərbaycanın sabit, sürətlə inkişaf edən bir ölkə olduğu bildirilir və vurğulanır ki, Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim əziz tutur. Ümummilli liderin irsinin qoruyub saxlanması məqsədi ilə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoş məramlı səfiri Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu yaradılıb. Fondun Azərbaycan və xarici ölkələrdə uğurla fəaliyyət göstərdiyindən bəhs edən müəllif onun Pakistanda da bir sıra genişmiqyaslı layihələr həyata keçirdiyini diqqətə çatdırır.
Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin yaradılmasında və inkişafında böyük xidmətləri olduğunu xatırladan Raca Caved yazır ki, görkəmli siyasətçinin 1996-cı ildə Pakistana səfəri ilə ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm özülü qoyulub və hazırda bu əlaqələr bütün sahələrdə uğurla inkişaf etməkdədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad