CƏMİYYƏT
Natiq Əliyev: Yolu layihələndirərkən ağacların seyrək olduğu əraziləri seçməyə çalışdıq
Bakı, 11 may, AZƏRTAC
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsində ətraf mühitə mənfi təsirləri azaltmaq, yolun maililiyini, radiuslu əyrilərini normalara uyğunlaşdırmaq, ekoloji təsirləri bir daha azaltmaq üçün tədbirlər görmüş, yolun sonluğunu 9.8 kilometr azaldaraq 76.8 kilometrə çatdırmışıq. Bu, həm hərəkət sürətinin azaldılmasına, həm vətəndaşların mənzil başına tez çatmasına, həm də təhlükəsizliyə xidmət edən tədbirlərdir. Yolun eni ekoloji təsirlər nəzərə alınaraq azaldılmış normalar daxilində - 17 metr, gediş-gəliş hissəsi 14 metrdir. Sağ və solda 1.5 metr çiyinlər, yolun hərəkət istiqamətində hər iki tərəfdə nəqliyyat vasitələri üçün durma meydançaları nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı ictimai dinləmə zamanı "Gidrotransproyekt" Elmi-Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev deyib.
"Yol layihələndirilərkən çalışdıq ki, ağacların seyrək yerləşdiyi ərazilər seçilsin. Digər alternativ variantlar səmərəli olmadığından seçdiyimiz variantın daha uyğun olduğu qənaətinə gəldik. Ekoloji təsirlər qiymətləndiriləcək, ətraf mühitə təsirlərin qiymətləndirilməsi hesabatı təsdiqləndikdən sora tikinti işlərinə başlanılacaq", - deyə N.Əliyev bildirib.
Mərkəzin direktorunun sözlərinə görə, yolun birinci lotuna bir il öncə razılıq alınıb və orada tikinti işləri gedir. İkinci hissədə isə ağac olmayan hissələrdə tikinti işlərinə start verilib