NATO Bosniya və Herseqovinadakı siyasi liderləri bölücü ritorikadan çəkinməyə çağırıb
Sarayevo, 17 yanvar, AZƏRTAC
NATO-nun Baş katibi Yens Stoltenberq Bosniya və Herseqovinadakı siyasi liderləri bölücü ritorikadan çəkinməyə və daxili uzlaşma istiqamətində konkret addımlar atmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında Bosniya və Herseqovina Rəyasət Heyətinin bosniyalı üzvü Denis Beciroviç ilə görüşən Y.Stoltenberq Balkan regionunda sabitliyin vacibliyini vurğulayıb, bunun NATO üçün strateji əhəmiyyət daşıdığını qeyd edib.
NATO-nun Baş katibi bəyan edib ki, Bosniya və Herseqovina administrasiyası islahatlara diqqətini davam etdirməli və bütün səviyyələrdə çoxmillətli qurumlar qorunmalıdır.
Y.Stoltenberq NATO-nun Bosniya və Herseqovinanın ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyini vurğulayıb. O, həmçinin Bosniya və Herseqovinanın NATO-ya üzv olmaq istəyini dəstəklədiklərini, hazırda hazırlanmaqda olan “Müdafiə Bacarıqlarının Artırılması” paketinin ölkənin müdafiə və təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını və müdafiə sektorunda islahatlara dəstəyin davam edəcəyini bildirib.
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü D.Beciroviç isə ölkəsinin NATO-ya üzvlüyünün strateji əhəmiyyət daşıdığını və bu hədəfə doğru irəlilədiklərini qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo