NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ ŞEYXÜLİSLAMLA GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şeyxülislamla görüşmüşdür. V.Talıbov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra başlanan quruculuq xəttinin davamı olaraq dini-mənəvi dəyərlərə də hörmətin artdığını bildirmiş və demişdir ki, ulu öndərin bilavasitə tapşırığı və himayəsi ilə Əshabi-Kəhf ziyarətgahında abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün hər cür şərait yaradılmış, məscid tikilmiş, buraya 13 kilometrlik yol çəkilmişdir. Xalqımızın böyük oğlunun tapşırığı ilə Naxçıvan şəhərində orta əsr dini-memarlıq abidəsi olan İmamzadə məscidi və türbə kompleksi də əsaslı təmir edilərək istifadəyə verilmişdir. Bununla bərabər, bir sıra rayon mərkəzlərində və kəndlərdə məscidlər tikilmiş, zəvvarların müqəddəs yerləri ziyarət etmələri üçün hər cür şərait yaradılmışdır.
Vasif Talıbov xatırlatmışdır ki, Heydər Əliyev 1992-ci ildə - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən İran ilə birgə tikiləcək məscid binasının təməl daşını qoymuşdu. Naxçıvanda Şərq memarlıq ənənələrinin ən layiqli nümunələrindən olan bu əzəmətli məscid artıq dindarların istifadəsinə verilmişdir və ulu öndərin adını daşıyır.
Şeyxülislam hacı Allahşükür Paşazadə Naxçıvan Muxtar Respublikasında dini dəyərlərə ehtiramla yanaşılmasını ümummilli liderimizin bu sahədə başladığı işlərin davamı kimi qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Moskvadan Naxçıvana gələrkən ilk növbədə Əshabi-Kəhfi ziyarət etmişdi. Naxçıvanda dini dəyərlərə həmişə hörmətlə yanaşılmışdır. Muxtar respublikada yeni məscid binalarının tikintisi, bərpası və təmiri, digər quruculuq işləri ölkədə yaranmış sabitliyin, əmin-amanlığın əyani ifadəsidir. Qədirbilən xalqımız qayğıya sədaqətlə cavab verir. Ulu Tanrı haqq yolunda olanları, savab iş görənləri heç vaxt unutmur.