Naxçıvan Muxtar Respublikası ali təhsil müəssisələrinin I Regional hüquq olimpiadası keçirilib
Naxçıvan, 26 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində “Hüquq həftəsi” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası ali təhsil müəssisələrinin I Regional hüquq olimpiadası keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə layihənin açılış mərasimi olub. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev muxtar respublikada ilk dəfə olaraq keçirilən layihənin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, universitet muxtar respublikada Hüquqşünaslıq ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi işini uğurla həyata keçirir. Belə ki, əsaslı şəkildə yenidən təmir edilən Beynəlxalq münasibətlər və Hüquq fakültəsində Diplomatiya mərkəzi və Məhkəmə ekspertizası və kriminalistika laboratoriyası yaradılaraq ən müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada olan şərait imkan verir ki, hüquq fənlərinin tədrisi ilə yanaşı, təcrübə dərsləri də ən yüksək səviyyədə keçirilsin. Bu ixtisas üzrə universitetin məzunları bu gün muxtar respublikanın nüfuzlu dövlət orqanlarında öz fəaliyyətləri ilə seçilirlər. Bütün bu işlərlə yanaşı, müvafiq sərəncama uyğun olaraq hüquq fənləri ixtisasının hamiliyə verilməsi də diqqətdə saxlanılır.
Universitetin Beynəlxalq münasibətlər və hüquq fənləri fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov peşəkar hüquqşünasların hazırlanmasında fakültənin rolu mövzusunda çıxış edib. Hüquq fənləri kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov I Regional hüquq olimpiadasının əhəmiyyəti, məqsədi və vəzifələri mövzusunda çıxış edib. Bildirib ki, tələbələrin hüquq sahəsində biliklərinin yoxlanılması yolu ilə onlar arasında hüquqi maarifləndirmənin genişləndirilməsi və hüquqi dünyagörüşünün nümayiş etdirilməsi ilə məntiqi mühakimə qabiliyyətinin üzə çıxarılması, tələbələr arasında hüquqi savadlılığın artırılmasında olimpiadanın çox böyük rolu var.
Sonra olimpiadaya start verilib. Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin qeyri-hüquq ixtisası üzrə tələbələrinin iştirakı ilə keçirilən olimpiadada onlar Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dair biliklərini nümayiş etdiriblər. Olimpiadada iştirak etmək istəyən tələbələr əvvəlcədən müəyyən olunmuş qaydada elektron formada qeydiyyatdan keçib. İki mərhələdə keçirilən olimpiadanın birinci mərhələsində 1 saat müddətində 50 test tapşırığı cavablandırılıb. İkinci mərhələdə iştirakçılara Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından düşündürücü, məntiqi yazılı suallar verilib. Finala vəsiqə qazanan iştirakçılar Məhkəmə ekspertizası və kriminalistika laboratoriyasında təcrübə dərslərində iştirak ediblər. Naxçıvan Dövlət Universiteti Tarix müəllimliyi ixtisası üzrə III kurs tələbəsi olimpiadanın qalibi olub. Universitetin İngilis dili üzrə tərcümə ixtisası üzrə II kurs tələbəsi Ramil Abdullayev II, Naxçıvan Universiteti Dinşünaslıq ixtisası üzrə IV kurs tələbəsi isə III yeri tutublar.