Naxçıvan şəhərində “Velo FEST” keçiriləcək
Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Naxçıvan şəhərində “Velo FEST” velosiped festivalının keçirilməsi nəzərdə tutulur.
Naxçıvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festival çərçivəsində şəhər daxilində 100-dən çox peşəkar və həvəskar velosipedçinin iştirakı ilə 7 kilometrlik veloyürüş təşkil ediləcək.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub. Festivalın əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmana marağın təşviq edilməsi, velosipeddən ekoloji nəqliyyat vasitəsi kimi istifadənin genişləndirilməsi, velosiped mədəniyyətinin formalaşdırılması və gənclərin asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.
Veloyürüşün ardından 300-dən çox gəncin iştirakı ilə festival proqramı keçiriləcək. Festival çərçivəsində sağlam həyat tərzi, velosiped təhlükəsizliyi və ekoloji nəqliyyat mövzularında seminar və maarifləndirici təqdimatlar, müxtəlif sərgilər, həmçinin gənc musiqiçilərin iştirakı ilə mədəni və əyləncə proqramları təşkil olunacaq.
Müxbir- Nail Əsgərov