Naxçıvanda meyvə və giləmeyvə istehsalı 6,9 faiz artıb - Açıqlama
Naxçıvan, 27 noyabr, AZƏRTAC
Cari ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında meyvə və giləmeyvə istehsalı 32 100,2 ton olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artım deməkdir. Eyni dövrdə üzüm istehsalı da artıb və 7 628,5 ton təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 17,5 faiz çoxdur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Səməddin Əsgərov deyib.
O bildirib ki, Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək muxtar respublikada salınacaq meyvə bağlarına indiyədək tətbiq olunmuş ən yüksək birdəfəlik subsidiya məbləğləri veriləcək. İlk dəfə intensiv meyvə bağları və giləmeyvə bağlarına görə də dövlət dəstəyi nəzərdə tutulur.
"Subsidiyaların şərtləri sadələşdirilib, hündürlük meyarı artırılıb, ting tələbi isə azaldılıb. Bu, Naxçıvanda meyvəçilik və üzümçülük sahələrinin daha da inkişafı üçün şərait yaradır", - deyə nazirliyin rəsmisi əlavə edib.