Naxçıvanda ötən ay 57 yanğın hadisəsi qeydə alınıb
Naxçıvan, 6 avqust, AZƏRTAC
Cari ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 11 min 410 zəng daxil оlub, zənglər dərhal aidiyyəti üzrə ötürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 57 yanğın hadisəsinə çıxış olub, 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. 4 halda köməksiz vəziyyətdə qalma və 3 digər hadisə ilə əlaqədar xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Yanğın təhlükəsizliyi təmin olunması məqsədilə 174 obyektdə yoxlamalar aparılıb. 46 dövlət müəssisəsində və sahibkarlıq obyektində texniki təhlükəsizliyə əməl olunması məqsədilə yoxlamalar kеçirilib.
Nazirliyin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 757 nəfərin iştirakı ilə tədris-metodiki toplanış, silsilə tədbirlər, seminar-müşavirələr keçirilib.