Naxçıvanlı məktəbli beynəlxalq yarışda birinci dərəcəli diplom və sertifikata layiq görülüb
Naxçıvan, 20 mart, AZƏRTAC
Rusiyanın Penza şəhərində “Elm və təhsil Beynəlxalq elmi əməkdaşlıq mərkəzi”ndə keçirilən “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransda “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin IX sinif şagirdi İnci Nəsirlinin “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” layihəsinin nəticələri müzakirə edilib və I dərəcəli diplom və sertifikatla təltif olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, İnci Nəsirli və onun elmi rəhbəri AMEA-nın Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası laboratoriyası”nın müdiri Qorxmaz Hüseynovun məqaləsi konfransın materiallarında dərc edilib.
Qeyd edək ki, “Sabahın tədqiqatçıları” layihəsi AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.