İQTİSADİYYAT
Nazir: “Çərçivə Sazişi”nin icrası Azərbaycan-Çin iqtisadi əlaqələrinin gücləndirilməsinə töhfə verəcək
Bakı, 1 sentyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye ilə görüşdə Azərbaycan-Çin iqtisadi münasibətlərinin inkişafı istiqamətində reallaşdırılan təşəbbüslər, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində iştirakı, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikirlərimizi bölüşdük. Görüş çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin icrası ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə və investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək”, - deyə nazir qeyd edib.