İQTİSADİYYAT
Nazir müavini: İnvestisiyaların ölkəyə axını üçün əlverişli mühit yaradılıb
Bakı, 17 iyul, AZƏRTAC
İnvestisiyaların ölkəyə axını üçün əlverişli mühit yaradılıb. Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı bir çox nailiyyətlərə imza atılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının Bakıda keçirilən 35-ci iclasında deyib.
S.Məmmədov bildirib ki, ölkədə sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi üçün kifayət qədər əlverişli mexanizmlər var.
"Son illər ərzində Azərbaycanın ixrac potensialı dəfələrlə artıb. Ötən 20 il ərzində özəl sektorun ÜDM-də payı 83 faiz təşkil edir. İqtisadi sahədə Azərbaycanın çox nailiyyətləri var. Biz də biznes mühitin genişləndirilməsi sahəsində səylərimizi əsirgəmirik", - deyə o bildirib.
Nazir müavini qeyd edib ki, ötən illər ərzində İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv olan ölkələrlə münasibətlərimiz daha da möhkəmlənib. “Müsəlman ölkələrinin potensialını nəzərə alsaq, bu əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var. Ümumiyyətlə, müsəlman ölkələrinin Azərbaycana marağı artır", - deyə Sahib Məmmədov əlavə edib.