Nazir müavini: Türkiyə və Azərbaycan süni intellekt sahəsində birgə texnologiyaların hazırlanmasını genişləndirəcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Türkiyə və Azərbaycan arasında mövcud qarşılıqlı etimad və sıx əlaqələr süni intellekt sahəsində birgə texnologiyaların hazırlanması, tətbiqi və ixracı üçün möhkəm zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammed Kasım Gönüllü II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
Muhammed Kasım Gönüllü bildirib ki, Türkiyə süni intellekti ölkənin sənaye gələcəyinin əsas istiqamətlərindən biri kimi nəzərdən keçirir.
“Süni intellektin tədqiqat, inkişaf və sənaye tətbiqlərinə inteqrasiyası texnologiya sənayesinin istehsal və sənayeyönümlü inkişafına töhfə verəcək. Türkiyədə 115 texnopark, 1700-dən çox “Ar-Ge” və dizayn mərkəzi mövcuddur. Bu infrastruktur Azərbaycanla birgə innovasiya layihələrinin həyata keçirilməsi üçün güclü baza yaradır .Azərbaycan beynəlxalq təcrübə, inkişaf edən rəqəmsal imkanlar və strateji mövqeyi ilə bu əməkdaşlığa mühüm töhfə verir”, – deyə Muhammed Kasım Gönüllü bildirib.
Muhammed Kasım Gönüllü qeyd edib ki, Türkiyə və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlığın üç əsas istiqamət üzrə inkişaf etdirilməsinin mümkün olduğunu vurğulayıb: “Birinci istiqamət innovasiyaların birbaşa sənaye ilə əlaqələndirilməsidir. Sənaye platformalarının yaradılması, pilot layihələrin həyata keçirilməsi və yeni texnologiyaların real istehsal mühitində sınaqdan keçirilməsi bu əməkdaşlığın mühüm hissəsini təşkil edə bilər. İkinci istiqamət praktiki əməkdaşlığın genişləndirilməsidir. “TEKNOFEST Azərbaycan”ın yaratdığı əməkdaşlıq ruhu daha geniş tədqiqat, sənaye və biznes layihələrinə daşınmalıdır. Süni intellekt üzrə mütəxəssislərin hazırlanması və texnologiyaların öyrənilməsi, xüsusilə kiçik və orta biznesin süni intellekt imkanlarından daha geniş yararlanmasına şərait yaradacaq. Üçüncü istiqamət isə region üzrə investisiya imkanlarının əlaqələndirilməsidir. Türkiyə və Azərbaycan arasında süni intellekt və rəqəmsal xidmətlər sahəsində genişmiqyaslı əməkdaşlığın inkişaf etdirilməsi biznes üçün rəqəmsal xidmətlərin daha faydalı və əlçatan olmasına imkan verə bilər”
Nazir müavini, həmçinin süni intellektin inkişafı üçün enerji və hesablama infrastrukturunun əhəmiyyətinə toxunaraq, bu sahədə potensialın artırılmasının texnoloji əməkdaşlığın əsas şərtlərindən biri olduğunu bildirib.