Neandertalların döş qəfəsi anadangəlmə çəlləkvarı formada olub
Bakı, 8 oktyabr, AZƏRTAC
Qafqaz, Suriya və Fransa mağaralarından tapılmış sümüklərin quruluşunun öyrənilməsi neandertal uşaqların görkəmini qismən müəyyənləşdirməyə imkan verib. Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar neandertalların dünyaya gəldiyi ilk günlərdən üç yaşınadək döş qəfəsinin quruluşunu tədqiq ediblər. Məlum olub ki, neandertalların döş qəfəsi anadangəlmə çəlləkvarı formada olub. Həmçinin onlar bir neçə digər özünəməxsus cəhət olub. Bu, əcdadlarımızla müqayisədə neandertallara daha çox enerji və oksigenin lazım olması ilə əlaqədar idi.
Neandertallar Avrasiya ərazisində “Homo sapiens”dən daha çox yaşayıblar. Mövcud olduqları yüz min illər ərzində onlar buzlaşma dövrünün sərt şəraitinə uyğunlaşıblar. Belə ki, neandertalların əlləri nizə ilə güclü zərbə vurmaq üçün uyğunlaşmışdı, çəlləkvarı döş qəfəsi isə onlara dərindən nəfəs almağa, uzun sürən və ağır fiziki yüklərə tab gətirməyə, nizə, heyvan pəncəsi, habelə düşmən zərbəsinə dözməyə kömək edirmiş. Neandertalların digər qeyri-adi cizgiləri, məsələn, xüsusilə böyük və ətli burunları, son vaxtlar müəyyən edildiyinə görə, təsadüfi formalaşıb.
Özünəməxsus cizgilərin necə və nə zaman yaranması, neandertalların uşaq vaxtında olub-olmaması alimləri xüsusən maraqlandırır. Bu, “Homo” cinsinin müxtəlif nümayəndələrinin inkişaf trayektoriyasının fərqlənib-fərqlənmədiyini göstərir. Bordo Universitetinin (Fransa) elmi işçisi Daniel Qarsiya Martinesin rəhbərliyi ilə antropoloqlar neandertallarda həyatlarının ilk illərində çəlləkvarı döş qəfəsinin olub-olmadığını müəyyənləşdirməyi qərara alıblar. Bunun üçün alimlər Rusiyanın Mezmay, Suriyanın şimalındakı Dederiya, Fransanın cənubundakı Rok-de-Marsal mağaralarından, habelə Fransanın Mustye dövrü məkanından neandertal skeletlərini tədqiq ediblər. Tədqiqat uşaq ikən ölmüş neandertalların sümükləri üzərində aparılıb.
Neandertal uşaqların qalıqları bizim dövrə zədələnmiş şəkildə gəlib çatıb. Bu səbəbdən də alimlər əvvəllər onların görkəmini və skeletlərinin necə olduğunu dəqiq müəyyənləşdirə bilməyiblər. Qarsiya-Martines və onun həmkarları müvafiq problemi həll etmək üçün həmin sümük qalıqlarının virtual surətini yaradaraq onları öz aralarında tutuşdurublar və əldə olunan məlumatları gənc “Homo” neandertalların döş qəfəsi formasının və skeletinin digər hissələrinin bərpası üçün istifadə ediblər.
Müəyyən edilib ki, neandertal uşaqlarda döş qəfəsinin həcmi “Homo sapiens” növünün yeni doğulmuş körpəsində və uşağında olduğundan xeyli böyük olub. Eyni zamanda, xeyli qısa, lakin enli və dərin olub. Bütövlükdə bu, hər iki növün yetkin nümayəndələrində döş qəfəsi quruluşunun necə fərqləndiyini təkrarlayır. “Homo sapiens” və “Homo neanderthalensis” növlərinin döş qəfəsindəki fərqlilik dərəcəsi bütün yaşlar üçün eyni olub. Digər tərəfdən, müasir və qədim “Homo sapiens” ilə müqayisədə neandertallar böyüdükcə onların döş qəfəsinin həcmi daha sürətlə genişlənirdi.
Alimlərin fikrincə, döş qəfəsinin formasında və ölçüsündə olan fərqlər onunla əlaqədardır ki, “Homo neanderthalensis”ın yaşadığı şəraitdə onlar sağ qalmaq üçün daha çox enerji və fiziki cəhdlər tətbiq etməyə məcbur olublar. Antropoloqların qarşısında neandertalların fiziologiyasının bu xüsusiyyətini nəslin kəsilməsinə necə təsir edə bilməsi məsələsini aydınlaşdırmaq dayanır.