Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının yeni monoqrafiyası çap olunub
Bakı, 8 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) baş direktoru akademik Vaqif Abbasov və Korroziya inhibitorları və konservasiya materialları laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru Durna Ağamalıyeva tərəfindən yazılmış “Mikrobioloji korroziya və onunla mübarizə üsulları” adlı monoqrafiya nəşr olunub
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd edilib ki, “Elm” nəşriyyatında çapdan çıxan kitabda NKPİ-nin əməkdaşları tərəfindən sintez edilmiş amin tərkibli inhibitor-bakterisidlər haqqında məlumat verilib. Monoqrafiya mikrobioloji korroziya, onun nəzəri əsasları, sulfatreduksiyaedici bakteriyaların mikrobioloji korroziyada rolu, bu istiqamətdə aparılan tədqiqatların araşdırılması, sintetik neft turşuları və poliaminlər əsasında korroziya proseslərinin qarşısını alan inhibitor-bakterisidlərin sintezi, sintez olunmuş imidazolin və amidoaminlər əsasında alınmış kompleks məhlulların bakterisid-inhibitor xassələrinin tədqiqi, CO₂ korroziyasının kinetikasına təsirinin, həmçinin turş mühitdə H2S korroziyasına təsirinin tədqiqini əhatə edir.
Monoqrafiya neft kimyası və texnologiyası sahələrində tədqiqat işləri aparan elmi işçilər, həmçinin doktorant və magistrantlar üçün nəzərdə tutulub.