Neft qiymətlərinin azalma ehtimalı var - ŞƏRH
Bakı, 25 noyabr, AZƏRTAC
Dünya enerji bazarlarında qeyri-müəyyənlik davam edir. İstehsalın həcmi, geosiyasi gərginliklər və böyük neft istehsalçıları arasında aparılan siyasət neft qiymətlərində tez-tez dalğalanmalara səbəb olur. Hazırkı mərhələdə həm beynəlxalq mühit, həm də qlobal enerji bazarındakı meyillər qiymətlərin gələcək istiqamətini müəyyənləşdirməyi daha da çətinləşdirir. Həmçinin qlobal geosiyasi proseslər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi və böyük neft istehsalçılarının hasilat siyasəti qiymət dinamikasına birbaşa təsir göstərir.
Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov bildirib ki, dünya neft bazarı kənar təsirlərdən çox asılıdır.
Onun sözlərinə görə, hal-hazırda dünya bazarında “Brent” markalı neftin bir barelinin orta qiyməti 63 dollar ətrafındadır.
“Əgər təklif artarsa təbii ki, qiymətlərin azalma ehtimalı var. Nəzərə alsaq ki, OPEC ölkələri də hasilatı artırıblar”,- deyə o qeyd edib.
S.Heydərov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsi nəticəsində Rusiya tədricən Avropa neft bazarına qayıda bilər: “Sanksiyaların aradan qaldırılması və istehsalın artırılması ixracatı artıra bilər ki, bu da neft qiymətlərinə təsir göstərə bilər. Bildiyimiz kimi, ölkəmizin ümumi ixracının 90 faizi neft-qaz ixracının payına düşür. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi təbii ki, bizim gəlirlərimizə təsir edir. Ancaq indiki halda Rusiya-Ukrayna müharibəsi davam edir. Sülh danışıqları davam etsə də, bunun necə nəticələnəcəyini proqnozlaşdırmaq və neftin qiymətinin hansı istiqamətə gedəcəyini proqnozlaşdırmaq bir qədər çətindir”.