Neftçalada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
Neftçala, 10 may, Aydın Yavərzadə, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Neftçala rayonunda geniş qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto guşəyə və rəsm sərgisinə baxış keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov hər zaman qəlbi Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və Azərbaycanımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından, qardaş müharibəsindən məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin həyatından danışıb.
Həmçinin tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, Neftçala rayonunun inkişafına verdiyi töhfələrdən söhbət açılıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.