“NEFTÇİ” MOSKVADA OMİK-LƏ OYUNA HAZIRLAŞIR
Xatırladaq ki, komandaların ilk görüşü bu yaxınlarda Bakıda keçirilmiş və heç-heçə (0:0) nəticələnmişdir.
Komandamızı oyun ərəfəsində ruhlandırmaq üçün Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə “Aerostar” mehmanxanasında futbolçularımızın ÜAK-ın vitse-prezidenti, məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü və böyük futbol həvəskarı Fərman Salmanovla görüşü olmuşdur.
ÜAK prezidentinin tapşırığı ilə onun müşaviri Eldar Quliyev Rusiyadakı bütün Azərbaycan diasporu adından futboçulara uğurlar arzuladı. O dedi ki, Azərbaycan futbolunun bütün azarkeşləri Bakıdakı görüşü böyük maraqla izlədilər və komandamızın Moskvada qələbə qazanacağına inanırlar.
Fərman Salmanov futbolçular qarşısında çıxış edərək bildirdi ki, oyunu böyük maraqla izləyəcək və komandamıza azarkeşlik edəcəkdir. O vurğuladı ki, “Neftçi” ilə OMİK arasında birinci görüş futbolçularımızın hazırlıq səviyyəsinin yüksək olduğunu göstərdi. Görkəmli neftçi oyunçulara qələbəyə inam və əzmkarlıq arzuladı. O, Yunanıstan yığmasının Avropa çempionatında gözlənilməz qələbəsini misal gətirərək dedi: “Bu sübut edir ki, komandamız da qalib gələ bilər. İnanırıq ki, siz evə qələbə ilə qayıdacaqsınız”.
Görüşdə “Azərbaycan futbolunun veteranları Ələkbər Məmmədov, Səməd Qurbanov, İsgəndər Cavadov da iştirak edirdilər.