Nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 2-də gecə saatlarında Türkan qəsəbəsindəki çimərlikdən “Ford” markalı avtomobilin qaçırılması barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Məmmədov Maştağa qəsəbəsi ərazisində avtomobillə saxlanılıb.
Avqustun 2-də saat 16:00 radələrində isə Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəhman Həsənov və həmin yeniyetmə saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə avqustun 1-də Binəqədi qəsəbəsi ərazisindən Bakı şəhər sakini İ. Xəlilinin “Tufan M50” markalı motosikletini oğurlamaqda şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Hər üç hadisə ilə bağlı araşdırma aparılır.